Akademik Milli Dram Teatrda polyak Lyublin Rəqs Teatrının “Nano” tamaşası nümayiş olunacaq

Akademik Milli Dram Teatrda polyak Lyublin Rəqs Teatrının “Nano” tamaşası nümayiş olunacaq

Bu gün axşam saat 20:00-da, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində polyak Lyublin Rəqs Teatrının "Nano" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirilib. Konfransın mövzusu teatr sahəsində polyak-Azərbaycan əməkdaşlığına start verilməsi və Azərbaycanda ilk dəfə tamaşa ilə çıxış edəcək Lyublin Rəqs Teatrının təqdimatı olub.

Konfransda çıxış edən Polşa səfirliyinin nümayəndəsi Daniel Sekiyeviç bildirib ki, bu tamaşanın iştirakçılarının Bakıya ilk səfərləridir: "Lyublin Rəqs Teatrının Bakıya qastrol səfəri bu il Polşa Respublikasının Bakıdakı Səfirliyinin və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə start verilən teatr sahəsində Polşa-Azərbaycan əməkdaşlığının nəticəsidir".

Səfirliyin nümayəndəsi onu da qeyd edib ki, Lyublin Rəqs Teatrının Azərbaycana səfəri Polşa-Azərbaycan teatr münasibətlərinin inkişaf etdirilməsinə və sıx qarşılıqlı əlaqələrin qurulmasına yönəldilib: "Azərbaycan teatr icmasının nümayəndələri cari ilin aprel ayında Polşada tədris səfərində olublar. Orada Azərbaycan teatr xadimlərinin Polşada aktyorluq peşəsi sahəsində təhsil sistemi və Polşanın teatr xadimləri ilə tanış olmaq və Varşava Teatr Görüşləri festivalında iştirak etmək fürsəti olub".

Daha sonra tamaşada ifaçı qismində çıxış edəcək Rışard Kalinovski qeyd edib ki, ilk dəfədir ki, Azərbaycanda səfərdədirlər: "Fəaliyyət göstərdiyimiz rəqs teatrı təkcə Lyublin üçün deyil, eləcə də Polşa üçün bir yenilikdir. Bu tamaşa bir məhəbbət balladasıdır. Tamaşanın adında öz əksini tapan "nano" incəsənət naminə yaradılan, özündə həm qadın, həm kişi keyfiyyətlərini birləşdirən insan vücududur. Artistlərin yeganə ifadə vasitələri rəqs, jestlər və işığın oyunudur".

Polşadan olan 5- nəfərlik aktyor qrupu insanların şübhələrindən, həyat problemlərindən, fərq və oxşarlıqlardan bəhs edən "Nano" adlı tamaşanı təqdim edəcək.

Məlumat üçün bildirək ki, Lyublin Rəqs Teatrı 2001-ci ildə yaradılıb. Teatr dəfələrlə Polşada və xaricdə, o cümlədən ABŞ-da, İsveçrədə, Fransa, Macarıstan, Finlandiya, İspaniya, Litva, Rusiya, Almaniya, Avstriya, Tunis, Hollandiya, Belorusiya və Ukraynada keçirilmiş beynəlxalq festivalların və təqdimatların iştirakçısı olub.

Polşa Respublikasının Bakıdakı Səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının müdiriyyəti, Adam Mitskeviç İnstitutu və Lyublin şəhər İcra Hakimiyyəti kimi polyak və azərbaycanlı sponsorların sayəsində tamaşaya giriş tamamilə pulsuzdur.

Tamaşa ilə yanaşı, polşalı aktyorlar öz Azərbaycan həmkarları üçün ustad dərsləri təşkil ediblər. Ustad dərsləri Azərbaycan Dövlət YUĞ Teatrının binasında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə