Xalq rəssamı Mayis Ağabəyovun 70 illik yubiley sərgisi keçirilib

Xalq rəssamı Mayis Ağabəyovun 70 illik yubiley sərgisi keçirilib

Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında xalq rəssamı Mayis Ağabəyovun 70 illik yubiley sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq rəssamı Ömər Eldarov və başqaları iştirak ediblər.

İlk olaraq çıxış edən nazir müavini Ə. Vəliyev qeyd edib ki, öz həyat və yaradıcılığını bütünlüklə Azərbaycan təsviri və kino sənətinin inkişafına həsr edən, sözün əsl mənasında rəssam adına layiq nadir şəxsiyyətlərdən biri məhz Mayis Ağabəyovdur: "Azərbaycan kino tarixindən, rəssamlıq sənətindən danışarkən M. Ağabəyovun adını çəkməmək olmur. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də özünəməxsus dəst-xətti ilə seçilən orijinal əsərlər yaradan Mayis Ağabəyov "Nizami", "Nəsimi", "Babək" və bu kimi 20-dən çox Azərbaycan kino tarixində önəmli yer tutan filmlərin quruluşçu rəssamı olub. Onun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib".

Ədalət Vəliyev həmçinin bildirib ki, Azərbaycan təsviri sənət tarixinə öz möhürünü vuran M.Ağabəyovun əsərlərini başqa heç bir rəssamın əsəri ilə dəyişik salmaq mümkün deyil: "Özünəməxsus rəng, kompozisiya həlli, seçilən mövzuların unikallığı onun əsərlərinin əsas fərqli cəhətlərindəndir. Bu sərginin təşkili Mayis Ağabəyova öz yaradıcılığının bütün istiqamətlərini göstərməyə. sevimli tamaşaçıları qarşısında hesabat verməyə imkan verir. Heç şübhəsiz ki, rəssam Azərbaycan tamaşaçılarına olan sözünü fırçasının "dili", əsərləri ilə deyəcək".

Daha sonra çıxış edən xalq rəssamı Ö. Eldarov vurğulayıb ki, M. Ağabəyovun əsərlərinə baxan diqqətli tamaşaçı özünü dərk etməyə, həyat fəlsəfəsini müəyyən etməyə, bir sözlə düşünməyə və əsl sənətlə yaşamağa başlayır: "M. Ağabəyovu bir çox hallarda "Abşeron rəssamlıq məktəbi"nin nümayəndəsi hesab edirlər. Çünki Azərbaycan incəsənətində özünəməxsus yer tutan və ötən əsrin 70-ci illərində sərbəst yaradıcılıq fəaliyyətinə başlayan rəssamlar kimi o da bir çox hallarda "sos realizm"in çərçivələrini "sındıraraq" yeni təfəkkür, yeni yanaşma tərzini nümayiş etdirib. "Analıq", "Ana və körpə", "Qadın gözəlliyinin təcəssümü", "Ailə" və bu kimi mövzular M. Ağabəyovun ən çox müraciət etdiyi mövzulardandır. Onun əsərlərinə tamaşa edərkən tamaşaçı rəssamın diqqət cəlb etdiyi istiqamətdə cərəyan edən hadisələri oxuya bilər".

Qeyd edək ki, 129 əsərin və 6 ədəd heykəltəraşlıq işinin nümayiş olunduğu sərgi 23 may tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə