Almaniya mətbuatı Azərbaycanın "Eurovision 2011"-də qələbəsinə geniş yer ayırıb.
"Düsseldorfdan sonra növbəti şəhərin Bakı olacağı gözlənilməz deyildi. Əksər bukmeyker kantorları da öncədən verilən proqnozlarda Azərbaycan cütlüyünü ilk üçlükdə təqdim edirdi". SİA-nın Almaniyadakı xüsusi müxbirinin xəbərinə görə, "HamburgerAbendBlatt" qəzeti belə yazır. Qəzet qeyd edir ki, azərbaycanlı ifaçılar mükafatı Almaniyadan öz ölkələrinə aparmağa ən layiqli namizədlərdən idilər. Səsvermədə əksər ölkələrin bu cütlüyü dəstəkləməsi gözlənilən idi və ifanı müsabiqənin ən fərqli təqdimatları sırasında birinci yerə qoymaq ədalətlidir.
"12 ballıq qiymət, bu Almaniyaya yalnız ötən il nəsib olmuşdu". Məşhur "Şpiqel" jurnalında müəllif məqaləsinə bu sözlərlə başlayıb. İndi mükafat Azərbaycanın əlindədir. Lena isə öz tacını gözəl Azərbaycan cütlüyünün başına qoymalı oldu. Jurnal qeyd edir ki, Ell/Nikki özlərinin "Running Scared" mahnısı ilə İtaliyanın gözəl caz təqdimatını və isveçrəli Erik Saadeni arxada qoydu. "Hər şey son məqamda bəlli oldu. Səsvermənin əvvəlində 5 iştirakçı estafeti bir-birindən alan idmançılar kimi yerlərini dəyişirdilər. Azərbaycan sonda yerini möhkəmlətdi. Müsabiqədə 4-cü dəfə iştirak və qələbə! Bu müsabiqənin tarixində ilk dəfədir".
"Azərbaycan Avropanı fəth etdi!" bu başlıq isə Welt.de agentliyinə məxsusdur. Agentlik yazır ki, bu il bir çox gözəl təqdimatlar vardı və onların içərisindən aşkar favoriti seçmək çətin idi. "Nəticədə 21 yaşlı uşaq cizgili gənc oğlanla 31 yaşlı ananın ifası hamını qabaqladı". Agentlik müsabiqədən sonra Bakının küçələrini bürüyən şənlik sədalarına da yer ayırıb. "Səhərə qədər Azərbaycanın paytaxtı Bakıda şənlik sədaları eşidilib. Artıq məlumdur ki, növbəti mərasim Qafqazın bu ölkəsində olacaq. Bakıda necə olacaq? Bunu demək hələlik tezdir, bizə səbirsizliklə gözləmək qalır ".
"Növbəti dayanacaq: Bakı". Nachrichten.de xəbər agentliyinin verdiyi başlıqlardan biri belədir. Agentlik yazır ki, hazırda Azərbaycan bütün Avropanın diqqət mərkəzindədir. Bakı "Eurovision 2012"-yə ev sahibliyi edəcək. Heç şübhəsiz ki, Şənbə gecəsindən sonra milyonlarla adam internetdə bu ölkə ilə maraqlanıb. Agentlik öz oxucularına Azərbaycan haqqında məlumat da dərc edib. Burda Azərbaycan təbii sərvətləri ilə zəngin bir məmləkət, Bakı isə Avropa paytaxtlarından geri qalmayan şəhər kimi göstərilir. Bakıya necə səyahət etmək barədə isə agentlik alman yumoru ilə yazır: "əlbəttə, bu ölkəyə avtomobillə də getmək olar, amma Düsseldorfdan Bakıya qədər maşınla getmək üçün 68 saat fasiləsiz sükan arxasında olmaq lazımdır. Yaxşı olar ki, müsabiqəyə təyyarə ilə gedəsiniz. Frankfurt – Bakı reysinin uçuş müddəti dörd saat yarımdır ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB