Nazpəri Dostəliyeva: “Onların bir neçəsi nəzərimdədir”- MÜSAHİBƏ

Nazpəri Dostəliyeva: “Onların bir neçəsi nəzərimdədir”- MÜSAHİBƏ

Xalq artisti Nazpəri Dostəliyevanın SİA-ya müsahibəsi:

 

- Son zamanlar efirdə az görünməyiniz nə ilə əlaqədardır?

 

- Sənət adamı və yaradıcı insan heç bir vaxt boş qala bilmir. Yaradıcılığımda əvvəlki temp, dinamika olmasa da bu gün sənətimə qarşı məsuliyyətim daha da çoxalıb. Bunun bariz nümunəsidir ki, hazırda böyük bir layihə üzərində çalışırıq. Bu layihəyə çox ciddi hazırlaşırıq, çünki nəticənin yüksək səviyyədə olmasını istəyirik. Adıçəkilən layihədə aşıq musiqilərindən ibarət albomu təqdim edəndən sonra bu layihəni davam etdirəcəyik. Bu layihə məsuliyyətli iş olduğu üçün çox vaxt aparır. Aşıqları studiyaya dəvət etmək, bütün aşıq- ozan musiqisini dərindən bilmək lazımdır. Uşaq vaxtından aşıq mahnıları eşitmişəm, hətta laylalarım belə aşıq mahnıları olub. Bu layihədə istər Şirvan, istərsə Göyçay, ümumilikdə isə bir çox regionların aşıqları iştirak edəcəklər. Onları olduğu kimi deyil, daha müasir formaya uyğunlaşdırıb və bir azda gözəlləşdirib təqdim edəcəyik, çünki yeni nəslin ürəyinə yol tapmaq lazımdır.

 

- Sizin gənclərə olan dəstəyiniz necədir?

 

 - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu kimi gənclərə hər zaman dəstək olmuşam. Bilirsiniz, istedadlı onsuz da nə vaxtsa üzə çıxacaq. Ancaq istedadsızlar müxtəlif yollarla özlərini tanıtdıracaqlar. Elə buna görə də istedadlı gənclərə hər zaman kömək etmişəm və edəcəyəm də! Hazırda mənim çox sayda istedadlı tələbələrim var. Gələcəkdə onları inşallah efirdə görəcəksiniz.

 

 - Gələcəkdə gənclərlə hər hansı bir yeni layihə nəzərdə tutursunuz?

 

 - Ola bilər. Əgər belə bir istəyim olarsa, niyə də olmasın. Başım yeni layihəyə qarışdığı üçün hələ bu barədə fikirləşmirəm. Layihə bitdikdən sonra bu barədə düşünmək olar. Buna mənim həvəsim də var. Elə istedadlı gənclərimiz var ki, onlar kənarda qalıblar. Onların bir neçəsi nəzərimdədir və kömək etməyi düşünürəm.

 

- Sizi çoxdandır duet oxuyan görmürük, gələcəkdə həmkarlarınızdan biri ilə duet oxumaq fikriniz varmı?

 

- Bir neçə dəfə mənə təkliflər olub, İlqar Muradov, Azər Zeynalovla artıq Nailə Mirməmədlinin yeni bəstəsi var ki, onu bu müğənnilərlə ifa etməyi planlaşdırmışıq.

 

- Daha çox əvvəlki bəstəkarlarla çalışırsınız, gənc bəstəkarlardan sizə təklif gəlibmi?

 

- Efirə yeni çıxan vaxtlardan peşəkar bəstəkarların mahnılarını ifa etmişəm. Bunlara misal olaraq, Ramiz Mirişli, Faiq Sücəddinov, Şəfiqə Axundova, Siyavuş Kəriminin adlarını çəkə bilərəm. Bu gün də bu hal davam edir və gələcəkdə də davam edəcək. Mən indiki gənclərə bəstəkar demirəm. Çünki onların bəstəkar olmalarına çox var. Bəstəkarlıq böyük peşədir. O istedada malik olmaq, peşəyə dərindən yiyələnmək lazımdır. İndiki gənclər bəstəkar ola bilərlər, ancaq peşəkar deyil. Çox istedadlı gənclər var ki, onların bəstələdiyi bir neçə mahnıları ifa etmişəm. Tunar və Nazimin bəstələrini oxumuşam. İstedadlını formalaşdırmaq və püxtələşdirmək onları peşəkar etmək lazımdır.

 

- Bəlkə də gənc bəstəkarlar sizə mahnı verməyə ehtiyat edirlər...

 

- Mən demokratik insanam. Əgər özünü istedadlı görən varsa, qoy sınasın. Vaxtım çox məhdud olduğundan bu işlərə çox maraq göstərə bilmirəm.

 

- Gələcəkdə nə kimi yeniliklər gözlənilir?

 

 - Əvvəldə dediyim kimi layihənin təkcə diski deyil, həm də konserti və klipi də olacaq. Bu layihə bitdikdən sonra ayrıca konsert verməyi düşünəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə