“Tofiq Rüstəmov 75” kitabı çapdan çıxıb

“Tofiq Rüstəmov 75” kitabı çapdan çıxıb

Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə bağlı yeni kitab işıq üzü görüb. SİA-nın xəbərinə görə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi tərəfindən nəşr edilən "Tofiq Rüstəmov 75" adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəkildə öz əksini tapıb.

Ön söz müəllifi BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Y. Əlizadə olan kitabda T. Rüstəmovun mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi kimi keyfiyyətləri sadalanıb. Nəşrdə həmçinin görkəmli alimin elmi araşdırmaları və publisistik məqalələri, müsahibələri, tərcümələri, redaktə etdiyi elmi əsərləri, televiziya və radio üçün hazırladığı materialları əhatə olunub.

Qeyd edək ki, T. Rüstəmov 1936-cı ildə Qubada anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın respublikamızda xüsusi müxbiri işləyib.

Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan "Ulduz" radio proqramı ərsəyə gəlib. Səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə