Rejissor Vaqif İbrahimoğlu vəfat edib

Rejissor Vaqif İbrahimoğlu vəfat edib
Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu dünən vəfat edib. SİA-nın məlumatına görə, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də Vətənə dönüb.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun (hazırda universitet) dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən "YUG" Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə "YUG" Teatr-Studiyası dövlət statusu alıb). "YUG" Dövlət Teatrının baş rejissoru idi.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü idi.

Bütün xəbərlər Facebook səhifəmizdə