Buenos-Ayresdə kitablardan tikilmiş rəmzi Babil Qülləsinin inşasında Azərbaycan kitablarından istifadə olunub

Buenos-Ayresdə kitablardan tikilmiş rəmzi Babil Qülləsinin inşasında Azərbaycan kitablarından istifadə olunub
Buenos-Ayres şəhəri 2011-ci ildə YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan olunub. SİA-nın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Buenos-Ayresin mərkəzi San Martin meydanında məşhur argentinalı heykəltəraş və rəssam Marta Minuxin tərəfindən kitablardan rəmzi Babil Qülləsi tikilib. Bu qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub. Qüllənin tikilməsinin fəlsəfəsi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir.
Bu qüllənin tikintisi üçün Buenos-Ayres şəhər meriyası tərəfindən həyata keçirilmiş aksiyada Azərbaycanın Argentinadakı səfirliyi də yaxından iştirak edib. Səfirlik tərəfindən təqdim olunmuş ölkəmizin hazırkı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ulu öndər Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi, ənənələri haqqında çoxsaylı kitab və nəşrlər qüllədə yer alıblar.
Rəmzi Babil Qülləsi bir ay müddətində ziyarətçilər üçün açıq olacaqdır. Sonra isə qüllənin tikintisində istifadə edilmiş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə