Mehmanxanalarda çalışanlar üçün kurslar təşkil olunacaq

Mehmanxanalarda çalışanlar üçün kurslar təşkil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Milli Kulinariya Mərkəzinin və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaqdır.

 

Nazirlikdən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar, Şimal Qərb bölgəsi üzrə cari ilin 20 - 30 may tarixlərində İsmayıllı rayonunda, Cənub bölgəsi üzrə cari ilin 25 may - 05 iyun tarixlərində Lənkəran şəhərində, Şimal bölgəsi üzrə cari ilin 01 - 10 iyun tarixlərində Xaçmaz rayonunda, Qərb bölgəsi üzrə isə cari ilin 05 - 10 iyun tarixlərində Gəncə şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır.

 

Təlim-tədris kurslarında əsasən otel menecmenti, qeyd-qəbul, masa xidməti, xadimə və aşpazlıq ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər, Azərbaycan Turizm İnstitutunun və Milli Kulinariya Mərkəzinin mütəxəssisləri tədris edəcəkdir.

 

Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcəkdir

Bütün xəbərlər Facebook səhifəmizdə