Heydər Əliyevin xatirəsinə həsr olunan növbəti milli atüstü oyunlar festivalı keçiriləcək

Heydər Əliyevin xatirəsinə həsr olunan növbəti milli atüstü oyunlar festivalı keçiriləcək
Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan növbəti milli atüstü oyunlar festivalı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

Azərbaycanın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan atüstü milli oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması məqsədilə keçirilən festival 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir.

Festival çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə keçiriləcək.

2010-cu ilin dekabrında keçirilən Prezident Kuboku uğrunda V çövkən milli oyununun nəticəsinə əsasən bu dəfə iştirakçı komandalar üç qrupa bölünüblər: "A" qrupu -Ağdam, Zaqatala, Goranboy; "B" qrupu - Şəki, Qax, İsmayıllı; "C" qrupu - Oğuz, Balakən, Yevlax.

Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları ilə təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə