Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Türkiyənin Azərbaycandakı Yunus Əmrə Mərkəzinin rəhbərləri arasında görüş təşkil olunub. SİA-nın məlumatına görə, görüş zamanı mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev və elmi katib Cavid Əliyev Yunus Əmrə Mərkəzinə yeni təyin olunmuş Selçuk Karakılıça uğurlar diləyərək qurumlar arasındakı 4 illik əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər.

Xatırladaq ki, sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycan və ümumiyyətlə türk xalqlarının ortaq mədəniyyətinin tədqiqi və təbliği istiqamətdə hər iki qurumun birgə səyləri nəticəsində bir sıra beynəlxalq layihələr reallaşdırılıb. Onların sırasında “Türk xalqlarının uşaq oyunlarının beynəlxalq festivalı”, “Ebru” sənətinə həsr olunmuş metodiki vəsait, bir sıra təqdimatlar və digər layihələr xüsusi yer tutur.

“Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini qoruyan əsas amillərdən biri məhz mədəniyyətdir”, – deyən A.Usubəliyev sözügedən qardaşlığın əbədi olacağına əminliyini ifadə edib.

Bu fikirləri dəstəklədiyini qeyd edən Yunus Əmrə Mərkəzinin direktoru Selçuk Karakılıç əməkdaşlığa açıq və hazır olduğunu bildirib və daha sonra reallaşa biləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Belə ki, aparılan müzakirələr çərçivəsində ədəbiyyat və ortaq tarix ətrafında birgə tədqiqatların aparılması, mədəniyyət işçiləri üçün təlimlər, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qarşılıqlı tanıdılması, habelə təbliğat və maarifləndirici layihələrin birgə reallaşmasına dair razılıqlar əldə olunub. Təcrübə mübadiləsi çərçivəsində hər iki tərəfin müvafiq ixtisaslar üzrə mütəxəssislərin qarşılıqlı əlaqələri, əməkdaşlığı möhkəmləndirməklə yanaşı müsbət təcrübənin paylaşılmasına da xidmət edəcəyini bildirən müəssisələrin rəhbərləri davamlı əlaqələrin zəruriliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...