“Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verib. Kitabxanadan SİA-ya bildirilib ki, artıq qurumun sosial şəbəkə səhifələrində ümummilli lider Heydər Əliyev, fizika-riyaziyyat elmləri doktoru, akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitenin professoru Lütfəli Ələsgərzadə, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, Müslüm Maqamayev, Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu, əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviç, məşhur caz ifaçısı Vaqif Mustafazadə, Xalq artisti Zeynəb Xanlarova, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov və digər tanınmış şəxsiyyətlər barədə videoçarxlar və virtual sərgilər hazırlanıb. Bütün bu adı çəkilən materiallar kitabxananın əməkdaşları tərəfindən geniş araşdırmalar, dəqiq faktlar əsasında ərsəyə gətirilib. Videoçarx və virtual sərgilərin əsas məqsədi bu və ya digər görkəmli şəxslər haqqında yalnız məlumat vermək deyil, həmçinin bu insanların beynəlxalq aləmdə tanınması və Azərbaycanımızı tanıtması haqda məlumatlar sərgiləməkdir.

İstifadəçilər sözügedən materialları kitabxananın “Instagram” və “Facebook” səhifələrindən izləyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə