“Sevilənlər sevənlər” rubrikası davam edir

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Sevilənlər sevənlər” rubrikası canlı yayımlarını davam etdirir. Kitabxanadan SİA-ya bildirilib ki, növbəti canlı yayımın qonağı Əməkdar artist, opera müğənnisi, xanəndə Gülüstan Əliyeva olub. Canlı yayıma Rusiya, Türkiyə və İrandan izləyicilər də qatılıb. Gülüstan xanım ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi dönəmində kəçən gəncliyindən, bir şəhid ailəsinin nümayəndəsi olmasının mənəvi çətinliyindən, məsuliyyətindən söz açıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkün və şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayaraq, bu cür münasibətin öz canını Vətən uğrunda fəda edən qəhrəmanlarımızın ailələri üçün çox önəmli olmasını qeyd edib. Keçmiş xatirələrindən söhbət açan qonaq səhnəyə gəlişindən, ona müəllimlik edən, sənətin sirlərini öyrədən İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev kimi ustadların adını çəkib.

Canlı yayım zamanı Gülüstan xanım operada oynadığı rolları haqqında da məlumat verib, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli, “Şah İsmayıl”da Ərəbzəngi, “Natavan” operasında xanəndə qız, "Arşın mal alan" operasında Cahan və s. obrazlarını qeyd edib. Gülüstan xanım uzun illər ərzində səhnəni Xalq artisti, professor Mənsum İbrahimov kimi böyük sənətkarla bölüşdüyünü, ilk dəfə “Leyli və Məcnun” operasında “Leyli” obrazını onunla səhnədə oynadığını vurğulayıb. Canlı yayım zamanı muğam sənətinin incəlikləri, bu sahədə uğur qazanmanın sirləri və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb.

Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...