Məmməd Quliyevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Məmməd Quliyevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Məmməd Quliyevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə tanınmış mədəniyyət xadimləri və musiqiçilər iştirak ediblər.

ABİ-nin katibi, xalq artisti Ramiz Zöhrabov unudulmaz sənətkarın həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, əvvəlcə tar ifaçılığı ilə məşğul olub, sonradan bəstəkarlığa keçib. R.Zöhrabov onun dahi bəstəkar Qara Qarayevin tələbələrindən biri olduğunu xatırladıb və musiqi xəzinəmizın incilərindən sayılan simfoniyalarını təhlil edib.

Gecədə xalq artisti Uran Seyidov (I violin), Vadim Sandler (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıxdən (violonçel) ibarət Azərbaycan Dövlət Simli Kvartetinin ifasında bəstəkarın 3 hissəli "Simli kvarteti" səsləndirilib. Tanınmış vokalçı əməkdar artist Gülnaz İsmayılova pianoçu Məmməd Quliyevin müşayəti ilə bəstəkarın Hüseyn Cavildin sözlərinə bəstələdiyi "Şeyx Sənan" və "Hər yer səfalı" balladalarını ifa edib.

Gecədə çıxış edən bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva və "Qobustan" jurnalının baş redaktoru Ələkbər Salahzadə bəstəkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə