Azərbaycanlı uşaqlar Beynəlxalq Festivalda iki “Qran-Pri”nin sahibi olublar

Azərbaycanlı uşaqlar Beynəlxalq Festivalda iki “Qran-Pri”nin sahibi olublar

Belarus Respublikasının Mozır şəhərində "Земля под белыми крыльями" adlı Gənc İstedadların VIII Beynəlxalq Festivalı çərçivəsində keçirilən müsabiqədə on ölkənin (Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Litva, Latviya, Estoniya, İtaliya, Rumıniya) 500 nəfərdən çox istedadlı uşaq və yeniyetmələri iştirak ediblər.

Azərbaycanı sözügedən müsabiqədə solo-vokal (estrada) nominasiyası üzrə Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Yasin Həsənov, milli rəqs nominasiyası üzrə isə Bakı Xoreoqrafiya Məktəbinin tələbələri Prezident təqaüdçüləri Xamiz Cəfərov, Akif Kərimli, Çinarə Quliyeva, Zəminə Sadıxzadədən ibarət "Bakı ulduzları" adlı xoreoqrafiya kollektivi (bədii rəhbər Azərbaycan Respublikasının xalq artisti Yusif Qasımov) təmsil edirdilər.

Rusiya, Ukrayna, Belarus, Latviya və Estoniyadan olan beynəlxalq münsiflər heyətinin qərarına əsasən Yasin Həsənov və "Bakı ulduzları" xoreoqrafiya kollektivi ayrı- ayrılıqda müsabiqənin ən yüksək mükafatı "Qran-Pri" ilə və qiymətli hədiyyələrlə təltif olunublar. Eyni zamanda Azərbaycanı təmsil edən gənc istedadlar Qomel vilayətinin bir neçə yaşayış məntəqəsində fərdi konsert proqramı ilə çıxış edərək milli musiqi və rəqslərimizi nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə