“Kənar” filmi Qazaxıstanda keçirilən beynəlxalq festivalda “Ümid uğrunda” nominasiyası üzrə xüsusi priz və diplomla mükafatlandırılıb

“Kənar” filmi Qazaxıstanda keçirilən beynəlxalq festivalda “Ümid uğrunda” nominasiyası üzrə xüsusi priz və diplomla mükafatlandırılıb
Qazaxıstanın Almatı şəhərində tələbə və gənc kinorejissorların "Bastau" Birinci Beynəlxalq Festivalı keçirilib. "Kənar" filmi Qazaxıstanda keçirilən beynəlxalq festivalda "Ümid uğrunda" nominasiyası üzrə xüsusi priz və diplomla mükafatlandırılıb. Bu barədə SİA-ya festivalda iştirak edən və mükafat qazanan rejissor Murad Muradov məlumat verib.

Onun sözlərinə görə, festivalın əsas qayəsi çağdaş kinematoqrafiyada etnofilm janrını inkişaf etdirməklə xalqlar arasında mədəni ünsiyyəti möhkəmləndirməkdir: "Festival günlərində 30-dan artıq ölkəni təmsil edən tələbə və gənclərin 200-dən çox filmi nümayiş olunub. Festival müxtəlif ölkələrin incəsənət təmayüllü ali məktəblərinin rektorlarının birgə qəbul etdikləri memorandum çərçivəsində gerçəkləşib".

M.Muradov onu da qeyd edib ki, memorandumu Türkiyənin Memar Sinan Universitetinin rektoru Y.Karayaqız, Qırğız-Türk Universitetinin rektoru S.Kaipov, Kazan Milli İncəsənət Akademiyasından rektor A.Muxameduli, Rusiya Dövlət Kinematoqrafiya İnstitutundan rektor V.S.Malışev və bir də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev imzalayıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan-Gürcüstan "İnternews" şirkətinin birgə məhsulu olan film təhsildən imtina edən qızın həyatından bəhs edir. Bu film 2009-cu il "Azərbaycan ailəsi" film festivalında II yeri tutub, 2008-ci ildə Gürcüstanda keçirilən Cənubi Qafqaz gənclərinin sənədli film festivalında "Ən yaxşı emosional film", "Ən yaxşı film" və "Ən yaxşı rejissor işi" nominasiyalarında mükafat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə