Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası karantin rejimi dövründə “Evdə qal və sağlam ol” çağırışını dəstəkləyir. Bir sıra layihələr həyata keçirən kitabxana “Vətənimizə virtual səyahət” layihəsini təşkil etməklə bu çətin dövrdə insanlara dəstək olur və Azərbaycanın şəhər və rayonlarını tanıtmağa çalışır. Kitabxanadan SİA-ya bildirilib ki, layihə əsasında növbəti virtual səyahət Şabran rayonuna həsr edilib. Videoçarxın ilk dəqiqələrindən bir şəhər, bir qaçqın qəsəbəsi, altmış kəndin yerləşdiyi rayon ərazisi barədə geniş məlumat verilir.

Təbiətinin göz oxşayan Zağlı və Zeyvə meşələri, Kiçik Qafqaz sıra dağları, Gilgil, Dəvəçi və Şabran çayları, Səmədbulaq, Zeyvə şəlalələri, Ənbil gölü, palçıq vulkanı, həmçinin burada yerləşən Taxtakörpü su anbarı, Şabran Limanı videoçarxda fotoları ilə birlikdə yer alır.

Şabran rayonunun flora və faunası iqliminə görə fərqlidir. Videoçarxda zoğal, sumaq, zirinc, itburnu, cırhacı alması, Abasbəyi armudu, qoz, badam, quzuqarnı göbələyi kimi bitkilərin fotoları nümayiş edilir.

Videoçarxda Şabran rayonunun tarixi abidələri də verilir. Tarixi abidələr sırasında Çıraq qala, Alban kilsəsi, Çaqqallıtəpə abidəsi, Dağbilici kəndində qədim qəbiristanlıq abidəsi göstərilir.

Videoçarxda, həmçinin muzeylərin siyahısı verilir, Xızırzində Baba, Xaltan İstisu və Pirəkəkül Baba ziyarətgahlarının fotoları sistemli şəkildə əks olunur. Şabranın şöhrət qazanmış görkəmli şəxsiyyətlərinin siyahısı videoçarxda təqdim olunur. Şabranda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıq və müxtəlif növ xalçaların fotoları verilir. Şabran mətbəxinin dadlı təamları videoçarxda yer alır. Rayonda arıçılığın məşhur olduğu da görünür. Videoçarx Şabranın müasir binaları, istirahət mərkəzləri və parklarının fotoları ilə yekunlaşır. Videoçarx Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın “Şabran” mahnısı ilə müşayiət olunur.

Videoçarxları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyniadlı “YouTube” kanalında da izləmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə