“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı Türkiyənin Dənizçilik bayramı münasibətilə onlayn keçirilən Boğaziçi beynəlxalq virtual rəqs, musiqi və incəsənət yarışmasında uğurla iştirak edib. İdarədən SİA-ya bildirilib ki, yarışmanın təşkilatçılarından biri də Boğaziçi Folklor Birliyinin gənclik və idman klubu idi.

Təşkilatın rəhbəri Mehmet Refik Ertenin məlumatına əsasən, dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası səbəbindən uşaqların evdə qalaraq asudə vaxtlarının təşkili və yaradıcılıqlarının inkişafına yönələn fəaliyyətlər sırasında dördüncü olan bu yarışma Dənizçilər bayramına həsr olunub.

Yarışma “YouTube” kanalında yayımlanıb və könüllülük əsasında təşkil olunub. Yarışmada Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bosniya-Herseqovina, Rusiya Federasiyasından Yakutiya, Dağıstan, Başqırdıstan, Çuvaşıstan və s. daxil olmaqla 13 ölkədən rəqqaslar qatılıb. Yarışmaya fiziki imkanı məhdud rəqqaslar da qoşulublar.

Münsiflər heyətinin üzvləri isə 5 ölkədən olan tanınmış müəllimlər olub. Müsabiqə “rəqs”, “vokal”, “ailə qrupları” nominasiyaları və incəsənət yarışmasından ibarət idi.

Azərbaycanı təmsil edən “Səma” rəqs ansamblının üzvlərindən Ləman Əhmədova 18 yaşlı yeniyetmələr arasında Qran-Pri diplomuna, Xədicə Seyidova 14 yaşlı uşaqlar arasında I yerə və diploma, Nigar İsrafilova 13 yaşlı uşaqlar arasında Qran-Pri diplomuna, Nurcahan Əbilova 12 yaşlı uşaqlar arasında I yerə və diploma, Aydan Məmmədli 11 yaşlı uşaqlar arasında I yerə və diploma, Nərmin Xələfova “Stilizə olunmuş rəqs” nominasiyasında I yerə və diploma layiq görülüb.

“Səma” rəqs ansamblının rəhbəri Səma Sadıqova istedadlı uşaqları yetişdirdiyinə görə beynəlxalq yarışmanın “Təşəkkürnamə”si ilə təltif olunub.

Rəqs qrupu uğurlu çıxışına görə Təşkilat Komitəsi tərəfindən 2020-2021-ci illərdə Türkiyədə keçiriləcək beynəlxalq festivallara dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə