Şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib

Şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda görkəmli şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-nin sədri Anar böyük şairin işığına toplaşan hər kəsi salamlayıb: "Görkəmli şairə doğma olan bu məkanda Əli Kərimin 80 illik yubileyi onsuz qeyd edilir. Həyatı, yaradıcılığı və ən başlıcası şəxsiyyəti işıqlı olan bu qələm sahibini hər kəs yüksək insani keyfiyyətlərə sahib biri kimi xatırlayır. Qısa ömür sürməsinə baxmayaraq yaradıcılıq siqləti o qədər geniş, ədəbiyyatımıza gətirdiyi yenilikləri o qədər zəngindir ki, illər keçsə də onun poeziyamızdakı yeri heç vaxt dəyişməyəcək".

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca çıxışında Ə.Kərimin yaddaşlardan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb: "Əli Kərimin bütün şeirləri içərisində "Qaytar ana borucunu" şeiri bu görkəmli qələm sahibinin yaradıcılıq nailiyyətidir. Şairin "İki sevgi" şeiri də yazılma dövrünə görə müasirliyi ilə seçilirdi və düşünürəm ki, bu nümunələrdən daha yaxşısı yazılmayıb".

Şair, yazıçı Ramiz Rövşən həyatdan cavan köçən şairlərdən Mikayıl Müşfiq və Əli Kərimi müqayisə edib: "Həyatdan cavan gedən Mikayıl Müşfiq və Əli Kərimin yaradıcılıqları fantastik dərəcədə bir-birindən fərqlənir. Mikayıl Müşfiq həyat dolu, şeirlərində, əsərlərində həyatın gözəlliklərini tərənnüm edirdisə, Əli Kərim daha çox ölümü əsərlərində canlandırırdı". Ata haqqında ən maraqlı şeir nümunəsinin Ə.Kərim tərəfindən yazıldığını dilə gətirən R.Rövşən şairin qısa ömür yoluna atalıq və oğulluq hissini sığışdırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə