Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib

İyulun 2-də hazırkı dövrdə müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans formatında iclas keçirilib. İclasda Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarələrinin rəisləri iştirak edib. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları və aidiyyəti təşkilatlar tərəfindən pandemiya ilə mübarizədə qətiyyətli addımlar atılır.

Konfransda iyulun 1-də ölkə başçısının tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində qaldırılan məsələlərə toxunulub.

Bildirilib ki, Operativ Qərargah tərəfindən qəbul olunan bütün qərarlara, verilən tövsiyələrə mədəniyyət sahəsində də ciddi əməl olunmalıdır. Sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac var. Buna görə də mədəniyyət müəssisələrində, tabe qurumlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasına, əməkdaşların sosial izolyasiya tədbirlərinə əməl etməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, sosial yardıma ehtiyacı olan insanlara, xüsusilə mədəniyyət sahəsində çalışanlara dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda işçilərin say məhdudiyyətinə də əməl olunmalıdır. İcazəsi olan əməkdaşların bu icazələrdən sui-istifadə hallarına yol verilməsinin qarşısı alınmalıdır.

İclasda Mədəniyyət Nazirliyi sistemində optimallaşdırma tədbirlərinin həyata keçirilməsinin və əməkdaşların müasir texnologiyadan istifadə bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi də qeyd olunub. Nazirliyin, tabe təşkilatların, mədəniyyət idarələrinin saytlarında və sosial şəbəkələrdəki səhifələrində aktivliyin daha da artırılmasının, vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsinin yüksəldilməsinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, işə yeni qəbul edilən əməkdaşların müasir texnologiyalarla işləmə bacarıqlarına xüsusi diqqət yetirilməlidir.

Videokonfransda hazırkı dövrdə mədəniyyət sahəsinin də üzərinə mühüm məsuliyyət düşdüyü vurğulanıb, göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə