Peşəkar kitabxanaçılar arasında debat keçirilib

Respublikada yaranmış sosial izolyasiya və karantin dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi rəqəmsal fəaliyyəti çərçivəsində bu sahədə çalışan əməkdaşların ixtisasartırma və peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə öz rəqəmsal layihələrini davam etdirir. SİA-nın məlumatına görə, mövcud vəziyyətin zəruri ehtiyacını nəzərə alaraq, regionlarda mədəniyyət sahəsində çalışan əməkdaşların ixtisasartırma təlimləri ilə tam əhatə olunması məqsədilə iyunun 30-da mərkəz tərəfindən Zoom proqramı vasitəsilə “Rəqəmsal cəmiyyətdə kitabxanaların fəaliyyəti: mövcud problemlər” mövzusunda debat təşkil olunub.

Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) direktorlarının, o cümlədən Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) MKS-in direktoru Elmira Əliyeva, Xaçmaz RMİ-i Qusar MKS-nin direktoru Zahir Mustafayev, həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Natiq Mürsəlov, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının İnformasiya Resursları şöbəsinin müdiri Ruhiyyə Məmmədova, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın iştirak etdiyi debatda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, mərkəzin əməkdaşları Şəhla Quliyeva, Pakizə Almazova, Aygün Hüseynova, Sadiq Musayev mövzu ilə bağlı çıxış ediblər.

MKS tərəfindən müasir və cəlbedici xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda kreativ peşə təfəkkürünün formalaşması prioritet vəzifələrdən biri olduğunu vurğulayan mərkəzin direktoru A.Usubəliyev bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunacağını bildirib. O qeyd edib ki, işə yaradıcı yanaşma, fərdi inkişaf və sağlam rəqabət bu sahədə çalışan hər bir əməkdaşın mütləq keyfiyyətlərindən olmalıdır. Yalnız bu halda kitabxanaların davamlı inkişafından danışmaq olar. Ölkə rəhbərliyi tərəfindən sahəmizə ayrılan strateji diqqət daha çox çalışmağı, mədəniyyətimizin qorunması, habelə tanıdılması istiqamətində dayanmadan effektiv yeniliklərdən istifadə olunmasını tələb edir.

Təşkil olunan debat çərçivəsində kitab oxuma mədəniyyətinin aşılanması və müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi məsələləri də müzakirə olunub.

Tədbirdə xüsusən vurğulanıb ki, mərkəz tərəfindən 2019-ci ildə məhz MKS işçiləri üçün “Bölüşərək zənginləşək” şüarı altinda yeni tədris modullu ixtisasartırma təlimlər təşkil olunaraq, dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə