“Ətraf mühiti qoruyaq” respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb-TƏDBİR

“Ətraf mühiti qoruyaq” respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb-TƏDBİR
Bu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilər arasında keçirilən respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov son illər nazirliyin təşəbbüsü ilə məktəblilərin ekoloji təhsili və tərbiyəsi işini daha da təkmilləşdirmək məqsədilə geniş tədbirlərin həyata keçirildiyini bildirib. O vurğulayıb ki, son illərdə ekoloji təhsilin inkişafında olan irəliləyişlər ekoloji biliklərin daha da dərindən mənimsənilməsinə və əməli fəaliyyətdə tətbiq olunmasına şərait yaradır. Nazir müavini qeyd edib ki, "Ətraf mühiti qoruyaq" mövzusunda keçirilən müsabiqə məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə təşkil olunub.

"Rəsm müsabiqə 3 yaş qrupu-6-9 yaş, 10-13 yaş, 14-17 yaş və 3 mərhələ-məktəb, rayon, şəhər, respublika üzrə ölkənin müxtəlif regionlarında keçirilib. Müsabiqənin məktəb və rayon mərhələsində iştirak edən 2000-dən artıq məktəbli öz rəsmlərində ana yurdun zəngin təbiətini, misilsiz təbii sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini və bu sahədə görülən işləri əks etdirib. Müsabiqənin respublika mərhələsinə 52 rayon və şəhərdən təqdim olunan 360-a qədər yaradıcılıq işində məktəblilər təbiətin gözəllikləri ilə yanaşı, ətraf mühitin problemlərini, təbii sərvətlərə və canlılara qayğıkeş münasibətin zəruriliyini qeyd ediblər. Respublika müsabiqəsinin qaliblərini münsiflər heyətinin üzvləri olan Təhsil Nazirliyinin Tərbiyə və məktəbəqədər müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Rəssamlıq Akademiyasının müəllimləri-Azərelli Asir və Həmzəyev Ceyhun müəyyən ediblər. Müsabiqə nəticəsində I, II, III yerlərin hər birinə 3 nəfər, həvəsləndirici yerə isə 12 nəfər layiq görülüb".

Tədbirin davamında çıxış edənlər məktəblilərə ekoloji təhsildə yeni nailiyyətlər arzulayıb, ətraf mühitin qorunması məqsədilə keçirilən aylıqlarda, ekoloji aksiyalarda və digər tədbirlərdə daha yaxından iştirak etməyi tövsiyə ediblər. Sonda isə müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə