Mübariz İbrahimova həsr olunan şeirlər kitabxanaya təqdim edildi

Mübariz İbrahimova həsr olunan şeirlər kitabxanaya təqdim edildi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı (Basqallı) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Adını yazdırdın qəhrəman təki” şeirini kitabxanaya təqdim edib. SİA-nın məlumatına görə, bildiyimiz kimi, Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olmuşdur. Bu gün qəhrəmanın anım günündə “Adını yazdırdın qəhrəman təki” şeiri oxuculara təqdim olunur.

Sevinc Ağa Xəlilqızı (Basqallı)

Adını yazdırdın qəhrəman təki

Azərbaycanın Milli Qəhrəmanı

Mübariz İbrahimova həsr olunur

I hissə

Seyid ocağında dünyaya gəldin,

Gəlişin özü bir möcüzə oldu.

Adınla həyatın alın yazısı,

Soyadın İbrahim Allaha yaxın.

İnamın, imanın sehirli aləm,

Üz tutub Tanrıya dua edərək.

Şəhidlik zirvəsinə çatmaq istədin,

Son nəfəsinədək şərəfsizlərlə.

Ərlik meydanında sən tək döyüşdün,

Son sözü yazdın sən öz məktubunda.

Bir ürək yanğısı, vida nəğməsi,

Ömrünü verdin sən Vətən yolunda.

Bolluca sədəqə, nəzir verin siz,

İnamla, imanla ibadət ediniz!

Vətən öyünsün ki, belə oğlu var,

Səninlə fəxr etsin Azərbaycanım!

İldırım tək çaxıb düşmən başında,

Sədaqət andına əməl edərək.

İz qoydun torpağın hər bir daşında,

Tarixin silinməz səhifələrinə.

Adını yazdırdın qəhrəman təki,

Halal olsun sənə bizim Mübariz!

II hissə

İldırımtək çaxıb düşmən başında,

Tarixin silinməz sətirlərinə,

Əbədi iz qoydu bizim Mübariz!

Günlər, aylar zamanı qovdu...

İllər, əsrlər boyu unudulmazsan.

Sənsiz-səninlə yaşadı oban.

Bu elin səbrinə, xalq oldu heyran!

Müqəddəs ocağın – ziyarətgahın.

İnsanlar hər zaman bura axacaq.

Biləsuvarda daşıyır adını məktəb,

Heykəl ucalmışdır doğma elində.

Şair şeir qoşur, rəssam rəsm çəkir,

Bəstəkar ruhlandırır musiqisində.

El-oban fəxr edir igidliyinlə.

Əzbərdən söyləyir şeirini sənin.

Ölməz, mərd, əfsanədir Mübarizimiz!

Bütün xəbərlər Facebook səhifəmizdə