Azərbaycan Turizm Universitetinin rektoru: “Turizm sahəsində qiymətlərə iqtisadi tənzimləmə yolu ilə təsir göstərilə bilər”

Azərbaycan Turizm Universitetinin rektoru: “Turizm sahəsində qiymətlərə iqtisadi tənzimləmə yolu ilə təsir göstərilə bilər”
"Ümumilikdə turizm ili çərçivəsində görüləsi işlər çoxdur. Həm ölkə miqyasında turizmə aidiyyətı olan dövlət və özəl qurumlar tərəfindən həyata keçiriləsi, həm də institutun zaman-zaman həyata keçirəcəyi öz işləri var". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov məlumat verib. O bildirib ki, bu gün ölkədə turizmin inkişaf etməsinə mane olan amil qiymətlərin bahalığıdır. Onun sözlərinə görə, ölkədə turizm sektorunda qiymətlər yüksəkdir.

"Ancaq bu turizmin inkişaf etməməsinin göstəricisi demək deyil. Yəni, turist gəlmirsə, turizm obyektlərinin, otellərin dolması problemi ortada olursa, o zaman onlar bu işlə məşğul olmazlar, çünki bu biznesdir. Deməli maraq var, otellər dolur, ona görə də onlar qiyməti aşağı salmaqda o qədər də maraqlı deyillər. Başqa bir məsələdir budur ki, biz bazar iqtisadiyyatında yaşayırıq və dövlətin bu məsələlərə müdaxilə etməsi o qədər də uyğun olan bir iş deyil. O səbəbdən də qiymətlərin aşağı düşməsinin yeganə yolu turizm xidmətləri göstərən qurumların otellərin, turizm şirkətlərinin sayının çoxalmasıdır. Bununla da onlar yekunda bu prosesə iqtisadi tənzimləmə yolu ilə təsir göstərə bilərlər", - deyə o əlavə edib.

Azərbaycan Turizm İnstitutunda turizm kollecinin yaranması məsələsinə də münasibət bildirən rektor qeyd edib ki, bu proses artıq başa çatıb: "Bununla bağlı hökumətə müraciət olunub və onların cavabını gözləyirik. Ancaq biz öz tərəfimizdən olan hazırlıq işlərini aparmışıq və orada dərs deyəcək müəllimlər seçilib, kurrikulumlar hazırlanıb, hansı ixtisaslar üzrə işlərin gedəcəyi qrup müəyyənləşib və qrup rəhbərləri təyin olunub. Bu dərslərin bir hissəsini artıq institut çərçivəsində başlamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə