Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatların “son günlərdə yeni mərhələsini müşahidə edirik” fikrini səsləndirsək düşünürəm ki, yanılmarıq. Bəli, ola bilsin bu mərhələ sərt proseslərin müşayəti ilə cərəyan edir. Hətta bəzən ictimai şüurumuzun öyrəşmədiyi təzahürlərlə rastlaşmaq məcburiyyətində oluruq, lakin bunlarla yanaşı hesab edirəm ki, yaşadıqlarımıza dair cəmiyyətimizdə artıq uzun müddət müəyyən sosial sifariş formalaşmışdır. İlk növbədə məmur eşelonunda narahatçılığa səbəb olmuş proseslər, əslində hökumətin neqativ hallarla sərt mübarizənin aparılması faktı kimi cəmiyyət tərəfindən qəbul olunur.

Ölkə başçısının başladığı islahatlar kontekstində təkamül çağırışlara adekvat addımlar atmayan və idarəetmədə hələ də inzibati mexanizmlərə arxalanan məmurlar öz hərəkət və ya hərəkətsizliyi ilə islahatların sürət və effektivliyinə təsir edir. Hətta neqativ halların səbəbkarları da olurlar. Mövcud məsələdə dünya təcrübəsinə müraciət etsək, biz görə bilərik ki, institusional dəyişikliklərin effektivliyi eyni zamanda aparılan islahatlara dair ictimai şüurlarda olan inamın dərəcəsindən də asılıdır. İctimai inam əhalini aparılan islahatların qiyabi iştirakçılarına çevirir və proseslərə davamlı effekt bəxş edir.

Bu mənada heç də təsadüfi deyil ki, biz mütəmadi olaraq Prezident İlham Əliyevin cəmiyyətə yönəlmiş açıq mesajlarının şahidi oluruq. Belə ki, insanların fəal vətəndaş mövqeyi tutmasına yönəlmiş mesajlar artıq prezidentimizin siyasi ritorikasının ayrılmaz parçasıdır. Pandemiya ilə mübarizədə görülən işlərə dair öz fikirlərini bildirərkən cənab Prezident tərəfindən ən çox səsləndirilən ifadələrdən biri olan “Biz birlikdə güclüyük” ifadəsi isə hökumət və cəmiyyət münasibətlərinin müasir fəlsəfəsini ortaya qoyur. Həmin fəlsəfə isə xalqla iqtidarın vəhdətini və qarşılıqlı asılılığını müəyyən edir. Hesab edirəm dövlət idarəetməsində iştirak edən bütün məmurlar, öz gündəlik fəaliyyətində ictimai münasibətlərin düsturu sayıla biləcək Prezidentimizin bu sözlərini mütləq olaraq nəzərə almalıdırlar. Dövlət başçısının tərənnüm etdiyi sosial ədalət isə xalq və iqtidar birliyinin təcəssümünə çevrilməlidir.

Məhz burada cərəyan edən proseslərin gözlə görünməyən digər tərəfinə müraciət etmək istərdim. Əlbəttə ki, müasir dövrümüzü xarakterizə edən bir sıra neqativ halların əsas sosial-siyasi səbəblərindən biri məhz müxtəlif səviyyə və istiqamətlər üzrə idarəetmə proseslərində iştirak edən şəxslərin qeyri peşəkarlığı və məsuliyyətsizliyidir. Bununla yanaşı etiraf etməliyik ki, islahatlar müşayiət olunan proseslərin xüsusiyyətlərini nəzərə alaraq, cəmiyyətin də öz növbəsində zamanın tələbi olan çağırışlara adekvat keyfiyyətlərinə cavab verməlidir. Əks halda davamlı və əsas etibarı ilə keyfiyyət xarakterli dəyişiklər, ləngiyərək cəmiyyətin və dövlətin inkişafını nəzərəçarpacaq şəkildə çətinləşdirə bilər.

Publisistik məqalə konteksti ilə məhdudlaşaraq, obyektiv çətinliklərin sırasına daxil olan məsələlərin bir neçəsinə dair diqqətinizi cəlb etmək istərdim. Biz, Azərbaycan cəmiyyətini təşkil edən hər bir fərd olaraq, ayrılıqda nə dərəcədə dəyişiklərə hazırıq? Optimal inkişaf yolları müəyyən etmək üçün qeyd olunan sual özünə qarşı xüsusi diqqəti və obyektiv cavabı tələb edir. Əslində, islahatların aqibəti eyni zamanda bizim hazırlıq dərəcəmizdən də asılıdır. Bu həqiqəti nə qədər tez və adekvat dərk etsək bir o qədər də dövlətimizə dəstək göstərmiş olarıq. İllər ərzində çalışdığı sahə və ya müəssisəyə faydası olmayan, peşə etikasını gözləməyən, işçi olaraq, öz vəzifəsini yalnız səhər saat 09.00-dan 18.00-a qədər sadəcə iş yerində olmaqda görən və qaçılmaz müasirləşməni inkar edən şəxslərin hələ də sıralarımızda olması, mahiyyət xarakterli keyfiyyət dəyişikliklərinə yönəlmiş islahatları çətinləşdirəcəkdir.

Öz üzərində çalışmayan, təhsil və peşə biliklərini artırmayan əməkdaşların hələ də kollektivlərdə olduğu bir şəraitdə, yenilənməni və müasir peşə təfəkkürün formalaşmasını tələb edən islahatların aqibət və təsir effekti sual altında olacaqdır. Diqqət yetirin, cənab

Prezidentin təşəbbüsü ilə reallaşan davamlı islahatlar, sahələrdən və orada çalışan əməkdaşlardan daim yeni peşə keyfiyyətlərinin formalaşmasını tələb edir. Ən azından ona görə ki, bu islahatlar o cümlədən yeni peşə təfəkkürün formalaşmasına yönəlmişdir. Təbiidir ki, öz şəxsi peşə adekvatlığını təmin edə bilməyəcək əməkdaşlar keyfiyyət dəyişikləri tələb edən islahatları fərdi münasibətlərin və subyektiv maraqların çözülməsi müstəvisinə yönəldəcəkdir. Qeyd olunan amil isə neqativ fəsadlara gətirərək islahatların fəlsəfəsini təhrif edir. Çalışqanlıq, nümunəvi davranış və peşəkarlığı ilə uğur qazanmaq və cəmiyyətdə müəyyən mövqe tutmaq iqtidarında olmayan şəxs öz xəstə ambisiyalarının təmin olunması məqsədilə mütləq şər, böhtan və iftiralara əl atacaqdır.

Yol hərəkəti qaydalarını pozaraq cərimənin əvəzinə daha asan başa gəldiyi üçün rüşvətə üstünlük verməyimiz, sənədlərin toplanması əvəzinə məsələnin tez həlli üçün rüşvətə üstünlük verməyimiz, övladımızın işini asanlaşdırmaq üçün onun tapşırılması üsullarına üstünlük verməyimiz, “yoxlama yoxdursa işləməmək də olar” kimi sosial təfəkkürün mövcudluğu, karyera artımında tanışlıq əlaqələri və intriqalara üstünlük verməyimiz, habelə digər qəribə “üstünlüklərimiz” bizim hələ də keyfiyyətli islahatlara hazır olmadığımıza işarədir. Demokratiya və söz azadlığını demaqogiya və təhqiretmə üsulları kimi təsəvvür edən, habelə sosial şəbəkələri şəxsi haqq-hesablarının çözülməsi və şantajetmə platforması kimi qəbul edən insanların aramızda olması hökumətin islahatlarını təhrif olunması və digər səmtlərə yönəldilməsi üçün şərait yaradır.

Əslində sosial şəbəkələrdəki şəxsi səhifələrimiz peşəkarlıq, daxili dünyamızın və mədəniyyətimizin güzgüsüdür. Qeyd olunan fikirlə razı olduğumuz təqdirdə bir çox məsələlər öz yerini və izahatını tapmış olur. Müasir, artıq rəqəmsal bir dövrdə informasiya amilinin danılmaz gücə malik olduğunu nəzərə alsaq, siyasi münasibətlərdə onun potensialı kütləvi qırıcı silahla müqayisə olunacaq dərəcədədir. Həmin silahdan, fərqli və əlçatan sosial şəbəkələr timsalında, qərəzli, xəstə təfəkkürlü və ambisiyalı insanlar tərəfindən istifadə olunması nəticəsində, şəxsi faciələrdən başlanmış cəmiyyətdə dağıdıcı sosial stereotiplərin yayılması kimi neqativ hallar yaşana bilər. Əslində mədəniyyətsiz, məsuliyyətsiz, dövlət və vətən anlayışlardan uzaq olan insanlar üçün fərqli sosial şəbəkələrin əlçatan olması körpə uşağın əlinə silahın verilməsi kimi anormal və izahatsız hal ilə müqayisə oluna bilər.

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə