Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində muğam ifaçılığı sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, BMM-dən bildirilib ki, xatirə gecəsi xanəndənin ifasında videolentin nümayişi ilə başlayıb.
Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Verdiyeva çıxış edərək bildirib ki, İslam Rzayev sənətdə özünəməxsus ənənələr yaradıb. Xanəndənin formalaşmasında Seyid Şuşinski ilə yanaşı Bülbül, Xan Şuşinski kimi sənət korifeyləri də əsas örnək olub. O, bunların hər birinin ifaçılıq üslubunu, sənətkarlıq meyarını mənimsəyib və özünəməxsus sənət yolunu seçə bilib.
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, yazıçı, şair, dramaturq Seyran Səxavət, Xalq artisti, professor Şəfiqə Eyvazova İslam Rzayevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, xanəndəlikdən əlavə İslam Rzayev bir çox bəstəkar mahnılarının əvəzolunmaz ifaçısı və unudulmaz pedaqoq kimi də yaddaşlarda yaşayır.
Diqqətə çatdırılıb ki, xanəndə pedaqoji fəaliyyətə Bülbül adına Orta İxtisas Musiqi məktəbində başlayıb, Azərbaycan Milli Konservatoriyasında həyatının sonunadək isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Solo oxuma” kafedrasının müdiri vəzifəsində davam etdirib.
İslam Rzayevin ailəsi adından Arzu Şəmiyeva çıxış edərək xanəndənin əziz xatirəsinin yad edilməsində əməyi olanlara minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Əməkdar artistlər Gülüstan Əliyeva, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və xanəndələr Rövşən Əziz və Vüsal Qasımov çıxış ediblər. İfaçıları BMM-in Beynəlxalq Muğam Mərkəzinin solisti Kamal Nuriyevin rəhbərliyi ilə instrumental heyət müşayiət edib.
Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Onun təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. O, həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq ölkədə qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.
Xanəndə 2008-ci il yanvarın 26-da Bakı şəhərində vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə