X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi sabah açılacaq

X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi sabah açılacaq
Aprelin 28-də Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açılacaq. Bakı Ekspo mərkəzində keçililərəcək üçgünlük sərgi ölkənin turizm potensialını nümayiş etdirəcək. SİA-nın məlumatına görə, bu sərgi ilə bağlı olaraq bu gün ITECA Caspian təşkilatı tərəfindən mətbuat konfransı keçirilib. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev, İTE Group Pic şirkətinin icraçı direktoru Edvard Stroon və başqaları iştirak ediblər.

İlk olaraq çıxış edən E. Stroon bildirib ki, bu sərgidə ilk dəfə iştirak edən 20 şirkət var idisə, indi bu rəqəm 260-a çatıb: "Bu dəfəki sərgidə həmçinin yeni təşkilatlar da özlərini tanıdacaqlar. Hesab edirəm ki, sərgi regionun hər bir guşəsini göstərməklə, Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə təqdim edəcək".

Sərgisi çərçivəsində xarici ölkə təmsilçiləri üçün xüsusi informasiya turları da təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin sözlərinə görə, Almaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri informasiya turları ilə təmin olunacaqlar.

Sərgidə 24 ölkədən 260-a yaxın şirkət iştirak edəcək. Bundan başqa, beynəlxalq və yerli ekspozisiyalar 61 turizm istiqamətini əhatə edəcək.

Aprelin 30-dək davam edən sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgilər Assosiasiyası dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə