Azərbaycanlı kulinarlar Çernoqoriyada keçirilən Beynəlxalq Kulinariya festivalından medalla qayıdıblar - FOTO

Azərbaycanlı kulinarlar Çernoqoriyada keçirilən Beynəlxalq Kulinariya festivalından medalla qayıdıblar - FOTO
Çernoqoriyada 5 ildir keçirilən Beynəlxalq Kulinariya Festivalında Azərbaycan, Serbiya, Xorvatiya, Bosniya, Sloveniya, Makedoniya, Albaniya və Çernoqoriya komandaları iştirak edib. Bu barədə SİA-ya Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycandan olan komandanın 3 üzvü festival daxili, yerli aşpazlar isə çempionatın münsiflər heyətində təmsil edilib: "Festivalda hər ölkə öz milli mətbəxini nümayiş etdirib. Azərbaycan komandası bir gün milli mətbəximiz haqqında film və mühazirə ilə, digər gün isə usta siniflərlə çıxış edib. Bundan əlavə Azərbaycan nümayəndə heyəti 2 gün peşə öyrənən tələbələrə Azərbaycan mətbəxi ilə bağlı dərslər keçib. Dərslər zamanı ingiliscə Azərbaycan mətbəxi kitabçası paylanılıb".

MKM-nın direktoru onu da qeyd edib ki, azərbaycanlı nümayəndə heyəti festivalın medalına layiq görülüb: "Digər ölkələrin nümayəndə heyətlərinə də festivalın medalı verilib. Yerli aşpazlar, çempionatın iştirakçıları isə müxtəlif medallara, o cümlədən MKM-nın medal və diplomlarına layiq görülüblər".

Tədbir zamanı Xorvatiya Kulinariya Akademiyasının nümayəndəsi ilə görüşdüklərini deyən T. Əmiraslanov vurğulayıb ki, akademiyada 4 il təhsil verilir: "Azərbaycan mətbəxini və şirniyyatlarını Akademiyada tədris etməmizi, milli mətbəximizlə tanış olmaq istədiklərini bildiriblər. Şifahi razılıq əldə edilib. Çernoqoriyada bizimlə tələbə mübadiləsi istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə