Klassik balet sənətinin əfsanəsi Bakıya gələcək

Klassik balet sənətinin əfsanəsi Bakıya gələcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi görkəmli rusiyalı xoreoqraf – Dövlət Akademik Böyük Teatrının baletmeysteri Mixail Lavrovskini Azərbaycana dəvət edib. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Məlumata görə, mayın 3-dən 13-nə kimi baş tutacaq on günlük səfər müddətində M.Lavrovski teatrın balet truppasının sənətçiləri ilə ustad dərsləri keçirəcək, həmçinin teatrın rəhbərliyi onunla yeni balet tamaşasının quruluşu haqqında məsələni müzakirə edəcək.

Məlumat üçün bildirək ki, Mixail Lavrovski SSRİ-nin xalq artisti, Lenin və Dövlət mükafatları laureatı, professordur. Nyu-Yorkda keçirilən beynəlxalq balet festivalında "Mtsıri" baletinin quruluşuna görə Qran-Pri mükafatına layiq görülüb. Balet sənətinin inkişafındakı böyük xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Şərəf və I dərəcəli Dyaqilov ordenlərinə layiq görülüb. 2006-cı ildə Mixail Lavrovski öz atasının adını daşıyan – L.M.Lavrovski adına Moskva Dövlət Xoreoqrafiya Məktəbini yaradıb.

Qeyd edək ki, Mixail Lavrovski Azərbaycana ilk dəfə səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə