“Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub

Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti canlı efiri ömrünü muğam sənətinin tədrisinə həsr edən unudulmaz pedaqoq, Əməkdar müəllim Nəriman Əliyevin xatirəsinə həsr olunub.

SİA-nın məlumatına görə, verilişdə ustad xanəndənin tələbələri Xalq artistləri ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov, Gülyanaq Məmmədova, Əməkdar müəllim Qəzənfər Abbasov iştirak edib, bu il 90 illik yubileyi qeyd edilən müəllimləri ilə bağlı xatirələrini bölüşüblər. Verilişdə Nəriman Əliyevin repertuarından muğam və təsniflər səsləndirilib. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayev (nağara) müşayiət edib.

Nəriman Əliyev (05.05.1930- 28.04.1998) Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. 1956-cı ildə ustadlar ustadı, görkəmli xanəndə Seyid Şuşinski ilə tanış olur. Bu ünsiyyət onun həyatında dönüş nöqtəsi olur, gələcək fəaliyyət istiqamətini müəyyənləşdirir.

Nəriman Əliyev S.Şuşinskinin xanəndəlik sinfində təhsil alır, muğamın sirlərini dərindən öyrənir. O, ustadından təkcə muğamın dərinliklərini deyil, həm də onun tədris üsullarını mənimsəyir. Müəlliminin ənənələrini uğurla davam etdirən N.Əliyev 1965-ci ildən 1997-ci ilədək məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyir. Pedaqoq kimi sonradan muğam sənətində öz sözünü deyən xanəndələr nəsli yetişdirir. Xalq artistləri Qəndab Quliyeva, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zümrüd Məmmədova, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Qəzənfər Abbasov, Gülyanaq Məmmədova və başqaları onun muğam sevgisi və muğam bilgisi ilə sənətdə şöhrət qazanmışlar.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə