Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsi FOTOLAR

Muzeylər – son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər – bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır.

Beynəlxalq səviyyədə, hər il muzeylərin şərəfinə qeyd edilən tematik bayram keçirilir. Bütün dünyada "Muzeylər gecəsi" kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.

COVID-19 koronavirus pandemiyası səbəbindən bu il ənənəvi "Muzeylər gecəsi" beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalaraq, bu dəfə qeyri-adi formatda keçirildi.

SİA-nın məlumatına görə, "YARAT" Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsini həyata keçirib.

Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olundu. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə etdilər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Mark Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) və "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təqdim olundu.

Yuxarıda qeyd olunan muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsilə nümayiş etdirildi. Tədbir zamanı ətraf binaların sakinləri mənzillərinin pəncərələri və eyvanlarından evdən çıxmadan bu təqdimatı müşahidə edib, əsərlərlə tanış oldular. Həmçinin axşam evlərinin yaxınlığında gəzişən Bakı sakinləri üçün keçirilən bu aksiya gözlənilməz bir sürprizə çevrildi.

Əsərlərin videotəqdimatı Bakının 4 müxtəlif məkanlarında baş tutdu. 6 muzey kolleksiyasından sənət əsərlərinin binalara proyeksiyası, şəhər həyatına rəng qatdı. Bu qeyri-adi hadisə şəhər sakinlərində zəngin təəssürat oyadaraq, böyük marağa səbəb olub.

"Muzeylər gecəsi" multimedia aksiyasının hadisələri "YARAT"ın rəqəmsal platformasında işıqlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə