"Əvvəlki kimi" QƏZƏL

Ölkədə mövcud olan karantin rejimi ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxuculara virtual xidmət göstərir. Göstərilən xidmətlər sırasında “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihə çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası da diqqət çəkməkdədir. Aksiyaya indiyədək Zöhrə Əsgərova, Sevinc Ağa Xəlilqızı, Ramiz Qusarçaylı, Şahin Fazil, Pərixanım Mikayılqızı, Gülarə Munis, Gülzar İbrahimova və bir çox tanınmış şair və yazıçılar qoşulublar.

Mərkəzi Kitabxananın əməkdaşları ilə sıx əlaqə saxlayan aksiya iştirakçılarından biri də şair-qəzəlxan, AYB-nin, "Məcməüş-Şüəra" və "Vahid" ədəbi məclislərinin qocaman üzvü Əli Əmirovdur (Ələmi). O, pandemiya mövzusunda yazdığı növbəti qəzəli təqdim edir.

"Xaqani Əmininin "Əvvəlki kimi" rədifli bir qəzəlinə nəzirə)

Əssin ahəstə çəməndə külək əvvəlki kimi,

Şənlənək, canan, ürəkdən gülək əvvəlki kimi.

Darıxıb bir-biri üçün, deyəcək gözlərimiz,

Dirilik versə dodaqlar, ölək əvvəlki kimi!

Yaş ötür, sanki unutmuşdun, elə naz elədin,

Qiymətin, qədrin həyatın bilək əvvəlki kimi!

Yaxşılıq yaxşıdı, qoy sinəmə baş, ağrın alım,

Dayanıb, ya, de, vururmu ürək əvvəlki kimi?

Əl tutan bir kəsin ümmidi ki, var, əl ver ona,

Kəsək, Allah adamı, duz-çörək, əvvəlki kimi!

Verdi insanlığa sevgi, nə gözəldir Tanrım!

Ola kaş, eşq-məhəbbət, dilək, əvvəlki kimi!

Səni yerdə Ələmitək sevə bilməz heç kəs,

Sən də göydə ona tənha mələk - əvvəlki kimi!

Bütün xəbərlər Facebook səhifəmizdə