Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunub. SİA-nın məlumatına görə, verilişdə bildirilib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub və bu mahnılar xalq tərəfindən sevilir.
Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin qonaqları BMM-nin solistləri Babək Quliyev (Şuşalı), Elnur Zeynalov, Səbinə Ərəbli, balaban ifaçısı Rəfael Əsgərov xanəndənin repertuarından seçmələr həmçinin müəllifi olduğu təsnifləri səsləndiriblər.
Ustad xanəndənin tələbəsi Babək Şuşalı Əlibaba müəllimin pedaqoq kimi xüsusiyyətlərindən söz açıb. Bildirib ki, onun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. Gənc xanəndə Muğam Televiziya Müsabiqəsində iştirakı zamanı Əlibaba Məmmədovun tövsiyyələrindən bəhrələndiyini vurğulayıb.
Balaban ifaçısı Rəfael Əsgərov müasir günümüzdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşüb. Xanəndələr Elnur Zeynalov, Səbinə Ərəbli Əlibaba Məmmədovun bəstələdiyi təsnifləri özünəməxsus ifalarla təqdim ediblər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB