Musa Urudun “Uruda iki səfər” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Musa Urudun “Uruda iki səfər” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bu gün Yazıçılar Birliyində Musa Urudun Qarabağ problemindən bəhs edən "Uruda iki səfər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Fəzail Ağamalı, Aqil Abbas, Məlahət İbrahimqızı, İlham Məmmədov, Azay Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid Musa Urudun yaradıcılığına toxunaraq qeyd edib ki, onun qələmə aldığı publisistik yazılar oxucular tərəfindən maraqla qarşılanır. Yazıçılar Birliyində Musa Uruda xüsusi qayğının olduğunu deyən baş redaktorun sözlərinə görə, təqdimat mərasiminin keçirilməsində əsas məqsəd ona və yaradıcılığına olan münasibəti təzahür etdirməkdir.
Daha sonra tədbirdə söz alan millət vəkili Fəzail Ağamalı Musa Urudun sənətinə vurğun olduğunu dilə gətirib. Daha sonra Musa Urudun millət vəkili olaraq ölkə siyasətindəki roluna toxunan F.Ağamalı söyləyib ki, millət vəkili kimi 10 ildən artıqdır xalqa layiqincə xidmət edir.
Tədbirin davamında çıxış edən millət vəkili Məlahət İbrahimqızı səbəbkarın insani keyfiyyətlərinə toxunaraq: "Mən həmişə insanın şəxsiyyətinə fikir verirəm və o şəxsiyyətlərdən biri də Musa Uruddur. Musa müəllim çox kamil bir insandır və onda qeyri-adi qabiliyyət var",- deyə qeyd edib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında Musa Urudun poeziyaya gəlişini xatırlayıb və söyləyib ki, bu gəliş ritorikasız, hay-küysüz olub: "Onun ötən əsrin 90-cı illərində siyasətə gəlişi də ədəbiyyata gəlişi kimi hay-küysüz  olub. Amma Musa Urudun istər poeziyada, istərsə də siyasətdə öz çəkisi var".
Millət vəkili Azay Quliyev isə Musa Urudu vətənpərvər və xalqına bağlı olan bir insan kimi qiymətləndirərək onun yaradıcı insan olduğunu vurğulayıb.
Daha sonra şair-tərcüməçi Səlim Babullaoğlu, tənqidçi Vaqif Yusifli və digərləri danışaraq əsərin tarixi məziyyətlərini açıqlayıblar. Tədbir iştirakçıları onu da vurğulayıblar ki, Musa Urudun "Uruda iki səfər" əsəri kino xadimlərimizin də diqqətini çəkəcək XX əsrin Qarabağ savaşı tarixində yaranmış ən real əsərdir.
Qeyd edək ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşən sadə insanların vətən həsrətindən bəhs edən "Uruda iki səfər" kitabı üç dildə – Azərbaycan, ingilis və fransız dillərində nəşr edilib.
İki hissədən ibarət olan kitabda Zəngəzur mahalından və qədim yurdumuz İrəvandan söhbət açılır.  Ermənistanın  işğalı altında olan torpaqlarımıza yolçuluq zamanı müəllifin keçirdiyi hisslər, görüşdüyü insanlar və nəhayət ata ocağına sahib çıxmış sadə erməni qocası ilə görüşündən bəhs edilir. Həyata göz açdığı yurddan, doğma torpağından qoparılmış müəllifin ağrı-acısı çox böyük bəşəri bir duyğunu ifadə edir-insan heç bir halda və heç bir zaman diskriminasiyaya məruz qalmamalı, deportasiya olunmamalı, insan insanı qətlə yetirməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə