Masallılı gənc sənətçi Miriş Hüseynovun canlı onlayn konserti baş tutub

Masallılı gənc sənətçi Miriş Hüseynovun canlı onlayn konserti baş tutub

Mövcud pandemiya təhlükəsilə əlaqədar olaraq respublikada bütün mədəni və digər tədbirlərin müasir kommunikasiya, o cümlədən sosial şəbəkələr üzərindən aparıldığını artıq dəfələrlə qeyd etmişik. Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr də bu imkanlardan istifadə edərək, bir-birindən maraqlı onlayn tədbirlər, layihələr, canlı ifalar təqdim edirlər.

Bu çərçivədə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı, tanınmış incəsənət ustası Miriş Hüseynovun onlayn konserti növbəti maraqlı tədbirlərdən biridir.

Konsert proqramı bir neçə gün bundan qabaq Masallı Rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutub.

Təxminən 40 dəqiqə davam edən konsert tədbirində M. Hüseynov, yerli və əcnəbi bəstəkarların repertuarından olan zövqlü və ruhoxşayan musiqiləri canlı ifa edib. Proqram ərzində M.Hüseynovu istedadlı instrumental musiqi ifaçıları müşayiət ediblər.

Məlumat üçün qeyd edək ki, M.Hüseynov milli televiziya kanallarında yayımlanmış “Azəri star” və digər musiqi müsabiqələrinin iştirakçısı və laureatı, “ÜNS yaradıcılıq səhnəsi” kimi nüfuzlu mədəni layihənin solisti olub.

Azərbaycanda çəkilən bir neçə bədii serialların musiqi ifası masalılı gənc sənətçiyə məxsusdur. O, belə musiqi ifaları ilə çoxsaylı tamaşaçı rəğbətini qazana bilmişdir.
Gənc sənətçi M.Hüseynov həmçinin çoxsaylı mükafat və fəxri diplomlara layiq görülüb, bir çox yerli teleseriallar üçün musiqilər ifa edib.

Görkəmli bəstəkarlardan Tofiq Quliyev, Emin Sabitoğlu, Zakir Bağırov, Elza İbrahimova və digər korifey Azərbaycan sənətkarlarının əsərlərini məharətlə səsləndirən M.Hüseynov, Türkiyənin tanınmış sənət adamlarının repertuarına da müraciət edir.

Xatırladaq ki, konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə