Turistlər üçün yeni internet portalı fəaliyyətə başlayıb

Turistlər üçün yeni internet portalı fəaliyyətə başlayıb
Bu gün Muzey Mərkəzində GoMap.az internet portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq layihə haqqında video çarx nümayiş olunub. Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılması olub: "Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi" yaradılıb. Turizm ilində yaradılan bu sistem turistlər və ölkə vətəndaşları üçün bir töhfədir. Dünya standartlarına cavab verən və regionda analoqu olmayan elektron xəritə sistemi Transxəzər bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın SINAM şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb".

Məlumat üçün bildirək ki, Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyəti nəzərdə tutulan veb- portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritədə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir (məsələn: "Google Satellite").

Qeyd edək ki, elektron xəritənin GPS-naviqasiya sistemi də mövcuddur. GPS-naviqasiya sistemi həm avtomobillərin, həm də piyadaların Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkəti üçün istifadə oluna bilər. Avtomobil sürücüləri üçün GPS-naviqasiyada yollar yol hərəkəti qaydaları tam göstərilməklə əks edilib.

Xəritə üzərində onlayn trekinq funksiyası da vardır. Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidəsi mümkündür. Həmçinin, fövqəladə (bədbəxt hadisə) hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə