Gülüstan Əliyevaya BMT-nin təşkil etdiyi “İncəsənətdə xidmətinə görə” nominasiyasında qızıl medal təqdim olunub

Gülüstan Əliyevaya BMT-nin təşkil etdiyi “İncəsənətdə xidmətinə görə” nominasiyasında qızıl medal təqdim olunub
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevaya BMT-nin təşkil etdiyi "İncəsənətdə xidmətinə görə" nominasiyasında qızıl medal təqdim olunub. SİA-nın məlumatına görə, bu gün bununla əlaqədar G. Əliyeva media nümayəndələri ilə görüş keçirib.

Tədbirdə çıxış edən əməkdar artist bildirib ki, Polşanın Varşava şəhərində aprelin 11-dən 17-nə kimi təşkil olunan "Mədəniyyət və poeziya" festivalında iştirak edib: "Bu festival hər il YUNESKO-nun təşkilatçılığı ilə baş tutur. Dünyanın 20-dən çox ölkəsindən mədəniyyət və incəsənət adamları bu festivalda iştirak edirdilər".

Bu il Azərbaycanı bu festivalda təmsil etmək hüququ qazanan G. Əliyeva vurğulayıb ki, 6 gün ərzində Varşava və ona yaxın şəhərlərdə 2 konsert proqramı ilə çıxış edib: "Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə festivalda iştirak etdik. Hətta festivalın sonuncu günü səfir Həsən Həsənovun iştirakı ilə konfransda təşkil edilmişdi".

Bu mükafatın Azərbaycana verilməsinin ilk dəfə olduğunu qeyd edən sənətçi bildirib ki, 20-dən çox ölkənin təmsil olunduğu bu festivalda ən çox təmsilçi İngiltərədən təşrif buyurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə