18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Tarixi abidələr hər bir xalqın coğrafi məkanda min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən əsas göstəricilərdir. Azərbaycan xalqının qədim mədəni sərvətlərindən söz acarkən onun tarix və memarlıq abidələrini xüsusi olaraq qeyd etməliyik. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır.

Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir.

“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”

Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən Ulu Öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən tarix və memarlıq abidələrinin öyrənilməsi, təbliği, qorunması və gələcək nəsillərə çatdırılması o zaman uğurlu olur ki, bu məsələ ümumxalq işinə çevrilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da tarixi abidələrin qorunmasının dövlət təminatı, tədqiqi, mühafizəsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlər həyata keçirilib.

Dünya memarlığının ən gözəl inciləri

Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

“İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə