"Evdə qal, evdə yarat" və “Yaradıcılığı evdə öyrən”

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində mədəniyyətin onlayn təbliği, insanların evdə qaldıqları vaxtı səmərəli keçirmələri üçün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başladılan "Evdə qal, evdə yarat" və “Yaradıcılığı evdə öyrən – özünü̈ kəşf et və bacarıqlarınla tanın” aksiyaları getdikcə daha geniş ictimai dəstək qazanmaqdadır. SİA-nın məlumatına görə, ölkəmizin qeyri-hökumət təşkilatları (QHT) da Mədəniyyət Nazirliyinin irəli sürdüyü hər iki layihəyə dəstək olaraq yaradıcı bacarığı və xüsusi istedadı olan insanları bu aksiyalara qoşulmağa təşviq edirlər. Artıq onlarla QHT sosial şəbəkələr vasitəsilə bu prosesdə yer alıb.

"Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi", "Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai birliyi", "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi, "Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi, Xan Şuşinski Fondu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai birliyi, “Müvəkkil” Hüquq Mərkəzi İctimai Birliyi, "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi, "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyi, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi, "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi Mədəniyyət Nazirliyinin təşəbbüsünü dəstəkləyərək öz sosial şəbəkə səhifələrində insanlara "Evdə qal, evdə yarat" və “Yaradıcılığı evdə öyrən” layihələrinə qoşulmağa, həm yaradıcı qabiliyyətlərini nümayiş etdirməyə, həm də hədiyyə qazanmaq imkanından yararlanmağa çağırış edirlər.

Qeyd edək ki, "Evdə qal, evdə yarat" təşəbbüsü çərçivəsində insanlar sosial izolyasiya və karantin dövründə evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşa bilərlər. 30 aprelə qədər davam edəcək bu aksiya iştirakçılara dəyərli hədiyyələr qazanmaq şansı verir. Bu tarixədək paylaşımı ən çox bəyənmə qazanan müəllifi “Kreativ Azərbaycan” portalı və Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə gözləyir.

"Yaradıcılığı evdə öyrən" layihəsi də insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq. Layihə Mədəniyyət Nazirliyinin “YouTube” kanalı, “Facebook”, “Instagram” səhifələri vasitəsilə həyata keçirilir. Hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış̧ videolarını, eyni zamanda, müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını nazirliyin sosial şəbəkələrində görmək mümkündür. Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi “Facebook” səhifəsini qeyd (tag) edənlər arasından ən çox bəyənilən üç videonun müəllifinə hədiyyələr təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə