“İçərişəhər” Qoruq İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi

Dünyada hazırda yaşanan koronavirus (COVID-19) pandemiyası dövründə ölkəmizin müxtəlif sahələrində - o cümlədən olduqca zəngin və əhəmiyyətli incəsənət sahəsində də çalışanlara dəstək mühüm əhəmiyyət kəsb edir. Digər istiqamətlərdə olduğu kimi, incəsənət xadimləri də öz istedadları ilə hamını sevindirə və bu ağır günlərə rəng qata bilərlər. SİA-nın məlumatına görə, bununla bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu sahədə görülən işlərdə daim yaxından iştirak etməkdədir və bunun davamı kimi, İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Aksiya çərçivəsində idarə öz hesabına ölkənin bir neçə gənc istedadlı rəssamına - Bəhruz Kəngərli, Səyalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevaya dünyada bu günün əsas mövzusu olan koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş edib. Rəsmlər daha sonra idarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən idarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləğ Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə