Kitabxana Buzovna kəndinə virtual səyahətə dəvət edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı oxucuları virtual səyahətə dəvət edir. İdarədən SİA-ya bildirilib ki, bu dəfə virtual səyahət Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinədir.

Xatırladaq ki, Buzovna kəndi Abşeronun şimal-şərqində yerləşir, əhalisi 31 min 500 nəfərdən (2019) çoxdur. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında əhalinin sayına görə yarımadada Maştağadan sonra 2-ci böyük yaşayış məntəqəsi də məhz Buzovna olub. 1758-1759-cu illərdə burada Bakı xanı I Hacı Mirzə Məhəmməd xan (A.A.Bakıxanovun ulu babası) "Xan bağı”nda özünə saray tikdirib.

Əhalinin ənənəvi məşğuliyyəti əkinçilik, o cümlədən tərəvəzçilik, bostançılıq, zəfərançılıq, maldarlıq, qismən də balıqçılıq ilə bağlı idi.

Buzovna özünün qədim tarixi-memarlıq abidələri ilə də zəngindir. Bunlardan qədim qəbiristanlıq "Hun qəbiristanlığı"nı (e.ə.III əsrə), "Qara paltarlı piri"ni (1306-cı il), "Xəlifə Əli və Mühəmməd Mömin türbə"sini (1641-ci il), Seyid Qasim, Şeyx Cavad, Seyid Gülşan pirlərini, Sahibəz-Zaman məscidini (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən məscidini (XIX əsr), məşhur Həzrət Əli qədəmgahını (Əli Ayağı), Mehdiqulubəyin evini (XIX əsr) qeyd etmək olar.

Buzovna kəndi tanınmış şəxsiyyətlər də yetişdirib. Onlardan xalq qəhrəmanı Hacı İsgəndər, Əliağa Vahidin ustadı olmuş Məşədi Azər, şair Haşım bəy Saqib, Sidqi Ruhulla, Nəcibə Məlikova, bəstəkar Aygün Səmədzadə, Xalq artisti, tarzən Firuz Əliyev, Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar artist Mirzə Ağabəyli və başqalarının adını qeyd etmək olar. Buzovna kəndi Xəzər rayonunun inkişaf etmiş yaşayış məntəqələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə