Professor “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizə Dəstək Fonduna və #EvdəQal kampaniyasına informasiya dəstəyi göstərir.

Kitabxananın Fəxri oxucuları olan yazıçı və şairlər “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərşivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasında fəal iştirak edirlər.

Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri Şahin Fazil də bu aksiyaya qoşularaq yeni yazdığı qəzəlini kitabxanaya virtual formada təqdim edib.

Virusun tacı adlandırılan koronavirus

Yer Kürəsində tüğyan edir...

"Hər illətə gərçi bir səbəb var,

Ayə, səbəbi kim etdi izhar?" (M.Füzuli )

—————————————————————————-

Zərrədən kiçiksən, kiçikdən kiçik,

Koronavirus!

Önündə hələ ki, biz kiçilmişik,

Koronavirus!

Sənin ilk ocağın alışdı Çində,

Sonra alovlandın Məğribzəmində,

İndi Yer Kürəsi təşviş içində,

Koronavirus!

Hələ ki, qırırsan bizi get-gedə,

Qabarır ölümün izi get-gedə,

Səni görməyirik zərrəbinlə də,

Koronavirus!

Etdin xanənişin necə sən bizi,

Bir kimsə görməyir xoşhal, şən bizi,

Karantinə saldın məcburən bizi,

Koronavirus!

Pozdu ahəngini qoca təbiət,

Dəyişdi rəngini qoca təbiət,

Səni yaradanın zatınalənət,

Koronavirus!

Vahimə bəşəri, mövhum bəşəri,

İxtira bəşəri, hücum bəşəri,

Bu bədxah cinayət - ümumbəşəri,

Koronavirus!

Üstü açılmalı hər cinayətin,

Kimdir müəllifi bu fəlakətin?

Hələ bu sualın cavabı çətin,

Koronavirus!

Hədəri cinayət, hədəri cani!!!

Bəşərə caladı kədəri - cani,

Hələ ki, deyil faş bəşəri cani!

Koronavirus!

Məhkum - bəşəriyyət, amma kim hakim?

Təməl bu məkanda! Təməlçisi kim?

Bu xəbis əməlin əməlçisi kim?

Koronavirus!

Bizə Yerdən başqa hələ məkan yox,

Yaman var, yamana qarşı yaman yox,

Yoxdursa yaradan, yaradılan yox,

Koronavirus!

Bəşəri macəra!.. Macəraçı kim?

Virusa iftira! İftiraçı kim?

İxtira bəllidir, İxtiraçı kim?

Koronavirus!

Hələ ki, gəzirsən şəstlə cahanda,

Yaratdı səni kim? Hansı məkada?

Yaradan da Yerdə, yaradılan da,

Koronavirus!

Bilmirik hardadır əsl məskənin,

Ey qansız, içərik qanını sənin,

Biryolluq alarıq canını sənin,

Koronavirus!

Qoymayıb adından iz, öldürərik,

Önündə bükmərik diz, öldürərik,

Bizi öldürəni biz öldürərik,

Koronavirus!

Bir gün boğazından tutarıq sənin,

Hökmən axırına çatarıq sənin,

Tacını başindan atarıq sənin,

Koronavirus!

Koronavirus!!!

Bütün xəbərlər Facebook səhifəmizdə