Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək

Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək

Rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi və inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin noyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsini keçirir.

Müsabiqə 2011-ci il 5-15 noyabr tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Müsabiqədə iştirak edən rəqs kollektivlərinin tərkibi 8 -16 nəfər, iştirakçıların yaş həddi 7-15 yaş müəyyənləşdirilib.

İştirakçı kollektivlərin çıxışının proqramı və digər sənədlər (anket-ərizə, iştirakçıların doğum haqqında şəhadətnamələrinin surəti) 2011-ci il 20 oktyabr tarixinədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə göndərilməlidir. (AZ1009 Bakı şəhəri Bəşir Səfəroğlu küçəsi, 144. Telefon: 494-29-10).

Müsabiqəyə 2 rəqs təqdim olunmalıdır (çıxışın ümumi vaxtı 6-8 dəqiqə). İştirakçı kollektivlər Azərbaycan xalq rəqsi, müasir və dünya xalqlarının rəqslərini təqdim edə bilərlər. Kollektivlərin geyimləri rəqsin xarakterinə uyğun olmalıdır.

Müsabiqə qalibləri və fərqlənən kollektivlər üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman, pul mükafatları təsis edilib.

Müsabiqənin qalib rəqs kollektivləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsertdə çıxış etmək üçün dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə