“Bizi birləşdirən mədəniyyət” layihəsinin ilk qonağı Mənsum İbrahimov oldu

Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə həyata keçirilən "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilib. SİA-nın məlumatına görə, layihədə bildirilib ki, aprelin 1-dən etibarən həftənin 6 günü saat 19-da Mədəniyyət Nazirliyi ilə birgə "Bizi birləşdirən mədəniyyət" proqramı efirə gedəcək.

Verilişin ilk qonağı tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi "Qarabağ" muğami qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov olub.

Xalq artisti ilk efirə dəvətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşan bu layihələr təqdirəlayiqdir: "Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə, həmrəy olaraq biz bu sınaqdan qalib çıxacağıq".

Verilişin qonaqları Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının birgə layihəsini alqışlayaraq bir daha xalqımızı bu günlərdə evdə qalmağa, karantin rejiminə əməl etməyə səsləyiblər. Mədəniyyət naziri Əbülfəs Qarayevin incəsənət xadimlərini mədəni irsimizin təbliği naminə fəal olmağa çağırdığını xatırladan Mənsum İbrahimov sənətçi həmkarlarının bu prosesdə yaxından iştirak edəcəyinə əminliyini bildirib.

"Bizi birləşdirən mədəniyyət" proqramı muğamlarımız, təsniflər və xalq mahnılarından ibarət bir-birindən maraqlı ifalar ilə davam edib.

Veriliş çərçivəsində #evdəqal #gələcəyini düşün şüarı ilə musiqi xadimlərinin sosial şəbəkələrdə paylaşımlarından nümunələr də təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə