Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında iki məsələ müzakirə edilib

Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Qənirə Paşayeva bildirib ki, gündəliyə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib. Birinci məsələ ilə bağlı bildirilib ki, adları çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" tərəfindən dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasını təmin etmək, Azərbaycan Respublikasının dövlət dilinin hüquqi statusunu, onun işlənməsi və inkişafı üçün zəruri olan tədbirlərin görülməsi, televiziya və radio kanallarında, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması hallarının, habelə leksik və qrammatik qaydalara riayət edilməməsinin, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə isə "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması" adlı yeni 533-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə