Bakı Kamera Orkestri #senetinledestekle çağırışına qoşulub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri dünya şöhrətli bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" baletindən bir hissəni ifa edərək #senetinledestekle çağırışına qoşulub.

İdarədən SİA-ya bildirilib ki, videoçarxın əsas mahiyyəti isə "Güc birlikdədir", ayrı-ayrı yerdə yaşasaq və yaratsaq da, Vətənimizə, xalqımıza, dünyamıza xidmət edərək bir orkestr halında birləşmək və dövləti dəstəkləməkdir.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan Bakı Kamera Orkestrinin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru, Əməkdar artist Fuad İbrahimovdur. Orkestrin tərkibinə gənc Beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə