Xalq artisti Rauf Babayev son mənzilə yola salınıb FOTOLAR

"Qaya" Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Rauf Babayevin İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərhumun məzarı önünə əklillər qoyulub, qərənfillər düzülüb.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, R.Babayev Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri olub və müasir estradanın inkişafını onsuz təsəvvür etmək mümkün deyil. O, əfsanəvi “Qaya” Dövlət Ansamblının sonuncu üzvü idi. “Çox gözəl musiqi zövqünə malik olan Rauf Babayev öz aranjirovkaları ilə teatr tamaşalarına, filmlərə hər zaman dəstək verirdi. O, eyni zamanda sadə və təvazökar bir insan idi”, - deyə nazir vurğulayıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə qeyd edib ki, bu gün Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əfsanəvi "Qaya" Dövlət Ansamblının yaradıcılarından biri olan Rauf Babayev 82 yaşında dünyasını dəyişib. Mövcud vəziyyətlə əlaqədar çoxları dəfn mərasimə qatıla bilməyib. Lakin onun dostları və musiqisevərlər Rauf Babayevi düşünür, qəlbən kədərlənirlər. “Belə insanlar həyatdan köçəndə biz mədəniyyətimizi daha çox sevməyə başlayırıq”, - deyə M.Adıgözəlzadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...