Avstriya radiosunda Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq

Geniş dinləyici kütləsinə malik və Avstriya radiosunun əsas kanalı olan "Ö1"də martın 21-dən 29-dək Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə radionun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qonşuluqda" adlı layihə çərçivəsində artıq uzun illərdən bəri Avropanın qonşuluğunda yerləşən ölkələrə həsr olunan silsilə verilişlər hazırlanır. Layihənin redaksiyası bu il üçün Azərbaycan haqqında verilişlər hazırlamaq qərarına gəlib və yayım üçün Novruz bayramı ərəfəsini münasib hesab edib.

Silsilə verilişlər arasında "20-ci əsr Azərbaycan klassik musiqisi", "Azərbaycanda Zərdüştün varisləri", "Novruz – bahar bayramı", "Bakıdan Qobustan Milli Parkına – Azərbaycanda ənənə ilə müasirlik arasında səyahət", "Azərbaycan müasir və eksperimental musiqi" və digər mövzular əksini tapacaq.

Qeyd edək ki, radionun əməkdaşı Sabine Nikolay həmin verilişlər üçün materialların toplanması və müsahibələrin alınması üçün yanvar ayında Azərbaycanda səfərdə olub, eləcə də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə