“Ritm bir dünyadır” adlı konsert keçirilib

“Ritm bir dünyadır” adlı konsert keçirilib
Bakı Caz Mərkəzində "Rövşən" ritm qrupunun konserti olub. SİA-nın məlumatına görə, "Ritm bir dünyadır" adı altında keçirilən konsert maraqlı məqamlarla yadda qalıb. Məlum olub ki, konsertin təşkilində əsas məqsədlərdən biri Azərbaycan musiqisində tarixən istifadə olunan, Misirin qədim aləti olan darbukanın dinləyicilərə təqdim edilməsidir. Müasir dövrdə bu aləti yenidən Azərbaycana gətirən "Rövşən" ritm qrupunun rəhbəri Rövşən Cabbarovdur O, möhtəşəm səsə malik olan darbuka alətinin torpaqdan hazırlandığını bildirib.

İki saata yaxın davam edən konsertdə Rövşən Cabbarov başda olmaqla qrupun üzvləri Qalib Hacıyev, Anar Ziyadov, Tahir Məmmədov, Çingiz Sadıqov, Səbuhi Əliyev, Ceyhun Babayev, Ağadadaş Dünyamalıyev və Fərid Mehdiyev qonaqlara unudulmaz anlar bəxş ediblər.

Konsertdə Misir ritmləri üzərində qurulan "Misir səhraları", "Fəryad" adı altında muğamla sintez də tamaşaçılara təqdim olunub. Fuad İslamovun ifa etdiyi muğam, dj İcon-un sintezləri maraqla qarşılanıb.

Qonaqlar arasında Türkiyənin Azərbaycandakı səfirliyi, Misirin ölkəmizdəki səfirliyinin nümayəndələri, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Elmira Ələkbərzadə və başqaları da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə