Əbülfəs Qarayev Bakıda səfərdə olan Nobel ailəsinin nümayəndələrini qəbul edib- FOTO

Əbülfəs Qarayev Bakıda səfərdə olan Nobel ailəsinin nümayəndələrini qəbul edib- FOTO
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədi ilə Bakıda səfərdə olan Nobel ailəsinin nümayəndələri Pitr Oleynikoff, Nils Oleynikoff və onların xanımlarını qəbul edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Görüş zamanı nazir Nobel ailəsinin nümayəndələrini salamlayıb və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal iştiraklarına görə onlara öz dərin minnətdarlığını bildirib. Nazir Forumun məntiqi davamı olaraq bundan sonra da Nobel ailəsi və Azərbaycan Respublikası arasında mövcud olan mədəni əlaqələrin inkişaf tempinin daha da sürətlənəcəyini qeyd edib.

Görüş zamanı Nobel ailəsinin nümayəndələri Bakıya səfəri barədə böyük məmnuniyyət hissi ilə danışıb, Ümumdünya mədəniyyətlərarası dialoq forumunun işini müsbət dəyərləndiriblər. Bununla yanaşı, onlar ikinci dəfə Bakıya səfər etdiklərini, ilk səfərlərinin 8 il bundan əvvəl təşkil edildiyini, həmin səfərdən etibarən bu illər ərzində Nobel qardaşlarının Bakıdakı iqamətgahı-Villa Petroleanın bərpa edilməsindən məmnun olduqlarını və bu bərpa işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının hökumətinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün əsas məqsədi Nobel ailəsinin arxivlərində saxlanılan və Bakının tarixini özündə əks etdirən şəkil və kitabların Mədəniyyət və Turizm Nazirliyinə hədiyyə edilməsi olub.
Belə bir addım atdıqları üçün Əbülfəs Qarayev Oleynikoff qardaşlarına öz dərin minnətdarlığını bildirib və qeyd edib ki, bu arxiv sənədləri nəinki Nobel qardaşlarının, eyni zamanda Azərbaycan xalqının mədəni tarixi dəyərlərinin öyrənilməsi üçün çox vacibdir. Məhz bu məqsədlə, nazir həmin arxiv sənəd və şəkillərin öyrənilməsi və tədqiq edilməsi üçün qısa müddət ərzində ekspertlərdən ibarət işçi qrupu yaradılacağını diqqətə çatdırıb.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə