Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə yekun vurub

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə yekun vurub
Bu gün Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə yekun vurub. SİA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı mətbuat konfransı keçirib.

Nazir bildirib ki, bu forum beynəlxalq təşkilatların böyük marağına səbəb olub: "İki gün davam edən forum artıq bir tarixə çevrildi. Prezident İlham Əliyevin forumun açılışında iştirakı və birinci ledi Mehriban Əliyevanın forumda çıxışı bu tədbirə xüsusi əhəmiyyət verdi".

Ə.Qarayev qeyd edib ki, tədbirdə 80 ölkədən 450-yə yaxın qonaq iştirak edib: "Bu tədbir göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoq aparmağı öz siyasətində əsas istiqamət kimi görür. Tədbir çərçivəsində bir sıra maraqlı layihələr, o cümlədən "Şəhərlərin mədəniyyətlərarası dialoqa qoşulması müzakirə olunub. Bu layihə göstərir ki, şəhərin sakinləri dialoqa hazırdırlar və insanlar münaqişə istəmir. Gənclər tərəfindən irəli sürülən təkliflər foruma xüsusi rəng qatdı. Əminəm ki, belə tədbirlər hər il keçiriləcək və ildən-ilə daha da təkmilləşdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə